Azərbaycanlıların İtaliyaya turizm səfərləri 25 %-dən çox artıb

16:54 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan vətəndaşları İtaliyaya 12 873 turizm səfəri ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 % çoxdur. Üç il əvvəlki göstərici (4 292 səfər) ilə müqayisədə isə səfərlərin sayı təxminən üç dəfə artıb.

Səfərlərin 9,2 mindən çoxu istirahət, 3,2 mini işgüzar, qalanı isə digər məqsədlər daşıyıb. Səfər edənlərin 54,1 %-ini qadınlar təşkil edib, ən çox üstünlük verilən qalma müddəti isə 4–7 gecə (6 280 səfər) olub. İtaliya istiqaməti üzrə turizm xərcləri də illik müqayisədə 22,3 % artaraq 22,4 milyon manata çatıb. Bu vəsaitin böyük hissəsi — 10,5 milyon manatı nəqliyyat, 5 milyon manatı yerləşmə, 4 milyon manatı isə qidalanma xərclərinin payına düşüb.