Kənd təsərrüfatında orta illik artım tempi hədəflənmiş artım tempindən aşağı olub

12:17 - 27.05.2024


27 may, Fineko/abc.az. Kənd təsərrüfatı sahəsi üzrə son iki ildə orta illik artım tempi 3,2% olub ki, bu da Strategiyada hədəflənmiş artım templərindən aşağıdır.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan “Ölkənin sosial-iqtisadi proqnoz göstəricilərinin hazırlanması prosesi və 2023-cü il üzrə verilmiş proqnozlar və onların reallaşması” hesabatında bildirilib.

Məlumata görə, kənd təsərrüfatı sahəsində 2022-ci ildə təqdim olunmuş proqnozlarda 2023-cü il üçün kənd təsərrüfatının real artım tempi 4,1% proqnozlaşdırılmışdı. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi yenilənmiş proqnoz məlumatları və ötən ilin 6 ayının faktiki göstəriciləri nəzərə alınmaqla proqnozlara müvafiq düzəlişlər edilib və 2023-cü ilin dəqiqləşdirilmiş proqnozlarında artım tempi 3,5%-ə endirilib. 2023-cü ildə sahə üzrə faktiki artım tempi 3% təşkil edib. Sahə üzrə artım tempinin proqnozlaşdırılandan aşağı olması bitkiçilik sahəsinin bəzi məhsulları üzrə fakt məlumatlarının proqnoz göstəricilərindən nisbətən aşağı olması ilə əlaqədar olub.