Azərbaycanın sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac edilib

15:01 - 8.05.2024


8 may, Fineko/abc.az. Azərbaycanın sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib.

ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılır. 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7.79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident statusu verilib.

Sahibkarlar tərəfindən sənaye zonalarına 6.7 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.