Azərbaycanın bank sisteminin cəmi aktivləri 27 991 milyon manat təşkil edib

16:34 - 25.07.2018


25 iyul, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin ilk yarısında bank sektorunun statistikalarını açıqladı.

MBNP-in məlumatında deyilir ki, 30 iyun 2018-ci il tarixinə  Azərbaycanın bank sisteminin cəmi aktivləri 27 991 milyon manat təşkil edib.

“Bank sektorunun kredit potfeli 11 712 mln. manat, cəmi öhdəlikləri  24 087 mln. manat , balans kapitalı 3 904 mln. manat, əhalinin əmanətləri isə 8 019 mln. manat təşkil edib”, - Palatanın məlumatında  belə deyilir.

2018-ci ilin ilk yarımilliyində bank sektorunun aktivləri 0.2% (70 mln. manat), balans kapitalı isə 5.2% (195 mln. manat) artıb.

Kredit  portfeli 3.3% və ya 375 mln. manat (iyun ayı üzrə 1.4%, 160 mln. manat), fiziki şəxslərin cəmi depozitləri 6.3% və ya 477 mln. manat (iyun ayı üzrə 2.9%, 227 mln. manat) artıb. Əhalinin müddətli əmanətləri hesabat dövrü ərzində 9.7% və ya 505 mln. manat (iyun ayı üzrə 2.7%, 148 mln. manat) artıb.

İlin birinci yarısının nəticələrinə görə, Azərbaycanın bank sektorunun əməliyyat  mənfəəti 308,6 milyon manat təşkil edib. Hesabat dövründə banklar ehtiyatların formalaşmasına 258,4 milyon manat xərcləyiblər. Nəticədə 2018-ci ilin birinci yarısında bank sektorunun xalis mənfəəti 36,3 milyon manat təşkil etmişdir.

Hesabat dövründə ölkədə fəaliyyət göstərən 30 bankın 511 filialı, 143 şöbəsi, 2481 bankomat fəaliyyət göstərib. 2018-ci ilin 6 ayı ərzində bank sektorunun əməkdaşlarının sayı 3,5% və ya 566 nəfər artaraq 16 737 nəfər təşkil edib.