Azərbaycan şirkətləri xaricdən mal ətini 6 manata alır

10:19 - 6.02.2024


6 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən ümumilikdə 24,4 milyon dollar dəyərində 6,2 min ton mal ət alıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsi ilə 11 milyon 105 min dollar (83,6%), miqdar ifadəsi ilə 3 min 261 ton (2,1 dəfə) artıb.

Xatırladaq ki, 2022-ci ilin yanvar-noyabr aylarında ümumilikdə xaricdən Azərbaycana 13,3 milyon dollar dəyərində 2,95 min ton ət alınmışdı.

Hesabat dövründə idxal edilən mal ətinin 4 milyon 131 min dollar dəyərində 1 080 tonu dondurulmuş, digər sümükdən ayrılmamış parçalar, 20 milyon 266 min dollar dəyərində 5 min 130 tonu dondurulmuş, sümükdən ayrılmış, qabaq yarımşaqqalar, bütöv və ya ən çoxu beş parçaya bölünmüş ət olub.

Ümumilikdə 2023-cü ilin 11 ayı ərzində 1 ton mal ətinin orta idxal qiyməti 3 928 dollar təşkil edib. 2022-ci ilin müvafiq dövründə bu rəqəm 4 507 dollar təşkil edib, yəni əvvəlki illə müqayisədə idxal qiyməti 578 dollar və ya 12,8% azalıb.

Bu da o deməkdir ki, 2023-cü ildə 1 kq mal ətinin idxalı 6,68 manata, 2022-ci ilin eyni dövründə 7,66 manata başa gəlib.