Saxta içkilər istehsal edən müəssisələrə cinayət işi açıldı - Siyahı

14:28 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. Ayrı-ayrı istehsal müəssisələrinin vəzifəli şəxsləri tərəfindən saxta aksiz markalarının dövriyyəsi və keyfiyyətsiz məhsulların istehsalı ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirlərı keçirilib. 

ABC.AZ xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.

Əldə olunan sübutlara əsasən “Göygöl Şərab 2”, “Agsu-1”, “Gold Alko” və “Quseynoff vodka” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bu ilin noyabr-dekabr ayları ərzində yerli alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal edib satmalarına, həmin məhsulları saxta aksiz markaları ilə markalamalarına və qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib və cinayət işi başlanıb.