Azərbaycanda ən populyar axtarış sistemləri bunlardır - Siyahı

17:21 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. İnfluencerlər, bloqerlar və gizli TV reklamları sektorunda reklam bazarı 2023-cü ildə təxminən 8 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə “İKT bazarı iştirakçıları” İctimai Birliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanda ən populyar axtarış sistemi “Google”dur. İkinci yerdə isə “Yandex” qərarlaşıb.

Ən çox video resurs əhatəsində YouTube birinci yeri tutub (bu videoşəbəkə həftəlik 4 milyon istifadəçi tərəfindən istifadə olunur), ikinci yerdə pirat resurslar (hdrezka, kinogo, seasonvar və digərləri) qərarlaşıb.

Ümumilikdə, hər ay təxminən 3.5 milyon ziyarət alırlar.

Pirat platformalarda məzmun istehlak etmək üçün üstünlük verilən dil rus və türk dilləridir. Müvafiq olaraq, bu platformalardakı reklam kommunikasiyaları rus və türk dillərində məlumatları təkrarlayacaq.

Bildirilib ki, rəqəmsal bazarda ən çox yayılmış sosial şəbəkə “Instagram”dır. Təxminən 3.6 milyon qeydiyyatdan keçmiş istifadəçinin 50%-i 25 yaşdan aşağı, 29%-i 25 yaşdan 35 yaşa qədər, 13%-i 35 yaşdan 45 yaşa qədər və 8%-i 45 yaşdan yuxarıdır. İkinci ən populyar tətbiq “TikTok”dur (3.2 milyon istifadəçi).