14:29 - 11.12.2023
11 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Dövlət başçısı Gürcüstanın Baş naziri ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismində SPECA-nın Bakıda keçirilmiş Zirvə görüşündə iştirakı zamanı onunla görüşünün əlaqələrimizin möhkəmlənməsi işində rolunu qeyd edib. Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi birgə layihələrin önəminə toxunaraq, bunu geniş regionda – Avrasiya məkanında önəmli amil kimi dəyərləndirdi və birgə təşəbbüslərimizin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın da münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğuladı, bunun əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri hüquqi baza yaratdığını deyib.
Görüşdə energetika, nəqliyyat, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.