Bu nazirlikdə ciddi pozuntular aşkarlandı

14:08 - 16.10.2023


16 oktyabr Fineko/abc.az. Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi zamanı Goranboy Olimpiya İdman Kompleksinin tikintisi üzrə dövlət büdcəsindən ayrılan vəsaitin istifadə və idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunmasını nəzərə alaraq auditin nəticələrinə dair müvafiq materiallar Baş Prokurorluğuna göndəriləcək.

ABC.AZ xəbər verir ki, bu, Hesablama Palatasının “Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi” üzdə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair məlumatında əksini tapıb.

Qeyd edilib ki, auditlə əhatə olunan dövrdə Nazirlik və Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin (TOM) tərəfindən qurumdaxili dövlət investisiya siyasətinin həyata keçirilməsi və investisiya layihələrinin icrasına nəzarət, həmçinin bu layihələrin maliyyələşdirilməsi qeyri-qənaətbəxş səviyyədə təşkil olunmuş və bir sıra hallarda qanunsuz xərclərə yol verilib. Belə ki, tikilən obyektlərin dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğunluğu, texniki-iqtisadi əsaslandırılması və qiymətləndirilməsi tam təmin edilməmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər qismən və ya tam icra edilməmiş, investisiya xərcləri üzrə vəsaitin vaxtında və müəyyən edilən məbləğdə ayrılması üçün tədbirlər görülməmiş, bu səbəbdən layihələrin icrasını başa çatdırmaq üçün 161,5 mln. manat məbləğində vəsaitin istifadəsi təmin edilmədiyi barədə Hesablama Palatasına müvafiq məlumatlar təqdim edilib.