“Mobil notariat” xidmətləri “mygov”a keçirilir

12:25 - 7.10.2026


7 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planına uyğun olaraq, Ədliyyə Nazirliyi tətbiqdəki xidmətlərin “mygov” platformasına inteqrasiyası prosesini icra edir.

Ədliyyə naziri Fərid Əhmədov İTV-yə müsahibəsində bildirib ki, hazırda 1,8 milyon aktiv istifadəçisi olan “Mobil notariat” tətbiqi ilə yanaşı, doğum, nikah, ölüm, vətəndaşlıq və ailə tərkibi ilə bağlı arayışların verilməsi də rəqəmsallaşdırılaraq “mygov” üzərindən həyata keçirilir.

Nazir vurğulayıb ki, Əhalinin Dövlət Reyestri ilkin mənbə rolunu oynayır və bu çərçivədə 42 dövlət qurumu ilə data mübadiləsi aparılır.

Məlumat bazalarının təmizlənməsi istiqamətində görülən işlər sayəsində hazırda FİN kod əsaslı məlumatların 95%-nin dəqiqliyinə nail olunub.