İran ərazisindən keçməklə Naxçıvanla bağlantı yaradılacaq

16:13 - 6.10.2023


6 oktyabr, Fineko/abc.az. Yeni körpülər vasitəsilə İran ərazisindən keçməklə Naxçıvanla bağlantı yaradılacaq.

ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Zəngilanda jurnalistlərə açıqlamasında bildirib.

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın ölkəmizə səfəri zamanı Azərbaycan-İran arasında nəqliyyat əlaqələrinin inkişafı məsələlərinə daha çox vaxt ayrılacağını söyləyən Ş.Mustafayev qeyd edib ki, iki əvvəl dünyanı koronavirus pandemiyası bürüsə də, bu, ölkələrimizin nəqliyyat daşımalarına təsir etmədi. Onun sözlərinə görə, bu ilin 8 ayında yükdaşımalar 41 faiz artıb. Bundan başqa, tranzit daşımalarının həcmi 47 faiz çoxalıb. Həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə daşımaların həcmi 57 faiz artıb: "Azərbaycan-İran əlaqələri çoxsaxəlidir. Bu, iqtisadi, ticari, logistik və enerji sahələrini əhatə edir".

Nəqliyyat sektorunda daha böyük potensialın olduğunu vurğulayan Baş nazirin müavini bildirib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra regionda yeni vəziyyət yaranıb, nəqliyyat-logistik sektorda yeni imkanlar açılıb.