Azərbaycanda yeni Milli Park yaradılacaq

10:04 - 4.09.2023


4 sentyabr, Fineko/abc.az. Hazırda İlisu Dövlət Təbiət Qoruğuna Milli Park statusunun verilməsi və Axar-baxar dağ silsiləsində yeni Milli Parkın yaradılması üçün 2022-ci ildən başlanılmış müvafiq işlər davam etdirilir. Artıq onlara aid ediləcək ərazilərin ilkin xəritələri hazırlanıb.

ABC.AZ xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

Onun sözlərinə görə, Milli parklarda turistlərin cəlb edilməsi və mühafizənin gücləndirilməsi üçün infrastruktura dair bir sıra işlər görülüb. Belə ki, Şirvan Milli Parkının giriş qapısının yeni dizayn konsepsiya sənədi hazırlanıb və aidiyyəti qurumlardan rəy alınıb.

"Qızılağac Milli Parkının ərazisində brakonyerliyə qarşı mübarizə aparılması məqsədilə yeni mühafizə postu quraşdırılıb. Turizm potensialının yüksəldilməsi və mühafizənin yaxşı təşkil edilməsi məqsədilə motosikletlər, kvadrosikllar alınıb, ekoturizm marşrutlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, turistlərin məlumatlandırılması üçün giriş, məlumatverici, məntəqə və istiqamətləri əks etdirən yeni lövhələr hazırlanaraq, milli parkların ərazilərində yerləşdirilib. Hazırda ümumi belə lövhələrin sayı 860, giriş qapılarının sayı 21 ədəddir. Abşeron Milli Parkının sanitariya-mühafizə zonasının hesabına ərazisinin genişləndirilməsi ilə bağlı müvafiq işlər aparılır. Hazırkı mərhələdə milli parkın genişləndirilmiş yeni ərazisinin xəritəsi hazırlanıb və müvafiq qurumların müsbət rəyləri alınıb" - deyə Firuddin Əliyev bildirib.