Gömrükdə əməliyyatlar bitmir - Vəzifəlilər saxlanıldı

15:20 - 1.09.2023


1 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev və digər şəxslərin qanunsuz əməlləri barədə cinayət işi başlanıb.

Baş Prokurorluqdan ABC.AZ-a verilən xəbərə görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Malik Əliyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi dəyəri 30 min manat olan dərman vasitələrinin Astara gömrük postundan ölkə ərazisinə qanunsuz keçirilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, əldə edilmiş ilkin sübutlarla Malik Əliyevin rəhbərlik etdiyi struktur qurumun rəis müavini Mehdi Mehrəliyev və gömrük inspektoru Zaman Əbdurəhmanovla qabaqcadan əlbir olaraq 10 min 400 manat məbləğində rüşvət müqabilində sahibkar Ramin Məmmədzadənin 60 min manat dəyərində məhsulları qaçaqmalçılıq yolu ilə, yəni düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməsinə köməklik etməsi təsdiqini tapıb.

İş üzrə toplanmış sübutlar əsasında Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdurəhmanova və Ramin Məmmədzadəyə ittiham elan edilib, Malik Əliyev barəsində məhkəmənin qərarilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.