“Azparking” mobil tətbiqi istifadəyə verilib

12:27 - 1.08.2023


1 avqust, Fineko/abc.az.  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” mobil tətbiqi istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, tətbiq vasitəsilə istifadəçi olduğu məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapmaq, koordinatları təyin etmək və parklanma yerini seçmək imkanına malik olacaq.

Həmçinin əvvəlcədən gedəcəyi ünvandakı parklanma yerlərinin cari vəziyyəti ilə bağlı məlumat əldə edə biləcək. Belə ki, boş, qismən və ya tam dolmuş, xidmətin müvəqqəti dayandırıldığı yerlər müxtəlif rənglərlə işarələnib. Fiziki imkanları məhdud sürücülər də diqqətdən kənarda qalmayıb. Onlar üçün nəzərdə tutulan yerlər xüsusi rənglə göstərilir.

Qeyd edək ki, parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçiriləcək.
 Mobil tətbiqi həm “App Store”, həm də “Google Play Store”dan yükləmək olar.