10:06 - 28.07.2023
28 iyul, Fineko/abc.az. Horadiz–Zəngilan avtomobil yolunda əsaslı yenidənqurma işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, təmir-tikinti işləri M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (km 173+600 - km 235+000) 61.4 km-lik Horadiz-Zəngilan hissəsində həyata keçirilir.
Hazırda yolboyu mövcud asfalt-beton örtüyün kənarlaşdırılması, qazma, tökmə işləri, yol yatağının və yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.