Sahibkarlar siyasi stabil ölkələrə yatırımlar edirlər - Ali Məhkəmə sədri

11:50 - 14.07.2023


14 iyul, Fineko/abc.az. Düşünülmüş siyasət nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradılıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub.

ABC.AZ xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov "Femida Dialoq Platforması sahibkarlarla görüş" adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu siyasət sonrakı illərdə ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib.

"Məhz ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyatın inkişafı üzrə uzunmüddətli strategiya və dövlət proqramları qəbul olub" - deyə İ.Kərimov bildirib.

Ali Məhkəmənin sədri qeyd edib ki, dayanıqlı iqtisadi sistemin formalaşmasında və dinamik inkişaf əldə etməsində mühüm rola malik olan sahibkarlıq fəaliyyəti təkcə iqtisadi tərəqqiyə təkan verən faktor kimi çıxış etmir:

"Bazar iqtisadiyyatında dayanıqlı inkişaf üçün davamlı investisiya yatırımları tələb olunur. Sahibkarlar isə siyasi stabil və sərmayələrinin yüksək səviyyədə qorunduğu ölkələrə yatırımlar edirlər. İnvestisiyanın qorunmasında isə ölkədə müstəqil və ədalətli məhkəmə sistemi tələb olunur".