Kənd təsərrüfatına dəymiş zərərlə bağlı müraciətlər artıb - Aqrar Sığorta Fondu

15:04 - 24.06.2023


24 iyun, Fineko/abc.az. Son günlər respublika ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı Aqrar Sığorta Fonduna (ASF) daxil olan müraciətlərin sayı artıb.

Fonddan ABC.AZ-a bildirilib ki, bölgələrdə yağan leysan yağışları, sel-subasma, güclü külək, dolu hadisələri nəticəsində fermer təsərrüfatlarına ziyan dəyib.

Ötən dövr ərzində əsasən Ağdam rayonu ərazisində buğda, arpa, pambıq sahələrinə dolu düşməsi, güclü küləyin ağacları sahələrə aşırması ilə bağlı məlumat verilib. Təbiət hadisələrindən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboy, Şabran, Şəki, Qax, Cəlilabad rayonlarının fermerləri də zərər çəkib. Güclü külək, leysan, subasma, dolu düşməsi nəticəsində xeyli sayda təsərrüfata ziyan dəyib", - məlumatda deyilir.

Ölkə üzrə daha çox müraciət Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarından daxil olub. Müraciətlər fırtına və dolu kimi sığorta predmetləri ilə bağlıdır. İlin əvvəlindən Aqrar Sığorta Fonduna 900-dən çox müraciət daxil olub ki, bunun da yarıdan çoxu may-iyun aylarında qeydə alınıb.