Avropada 500 km yol üçün bilet 60, Azərbaycanda 200 avrodur - İqtisadçı

14:52 - 15.05.2023


15 may, Fineko/abc.az. Koronavirus pandemiyasının başa çatmasından sonra əksər ölkələr quru sərhədlərini açmağa başlayıb.

Lakin Azərbaycanda hələ də quru sərhədlərin açılması ilə bağlı qərar verilməyib. Bu səbəbdən xarici ölkələrə yalnız təyyarə ilə getmək mümkündür. Azərbaycanda təyyarə biletlərinin qiymətləri isə qonşu ölkələrin eyni istiqamətli uçuşlarının qiymətləri ilə müqayisədə bir neçə dəfə bahadır. Bu isə əhalinin aztəminatlı hissəsi, tələbələr, xaricə müalicə üçün gedənlərə və s. üçün ciddi problemdir.

ABC.AZ xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda aviabiletlər çox bahadır.

O, məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında özünün də bu problemlə qarşılaşdığını bildirib:

“Gələn həftə Gürcüstana getməliyəm. Baqajsız bileti 382 manata aldım. Çox bahadır. Avropa daxilində 500 kilometrlik uçuş 60 avro civarında olur. Bizdə isə bu, indiki məzənnə ilə 200 avrodur. Bakıdan İstanbula olan qiymətlər də uçuş növü və baqajın həcmindən asılı olaraq 600-800 manat arası dəyişir. Tiflisdən İstanbula biletlər isə 120-130 dollardan baha olmur. Bu da 200-230 manat edir. Qiymətləri müqayisə etsək təbii ki, Azərbaycandan çox bahadır”.