Heyvandarlığın inkişafı üçün yeni vergi güzəşti tətbiq oluna bilər

16:49 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Azərbaycanda heyvandarlıq və quşçuluq təsərrüfatlarda istifadə olunan dərman və dərman preparatlarının ölkə daxilində satışına vergi güzəştlərinin tətbiqi müzakirə olunub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

Məlumata əsasən, heyvandarlıq və quşçuluq sahələri üzrə inkişafın stimullaşdırılması üçün verilə biləcək vergi təşviqlərinin dairəsinin müəyyənləşdirilməsi məqsədi daşıyan görüşdə adıçəkilən təsərrüfatlarda istifadə olunan dərman və dərman preparatlarının ölkə daxilində satışına vergi güzəştlərinin tətbiqi məsələsi müzakirə olunub.

Bundan başqa, soya paxlasının və cecəsinin yerli istehsal hesabına təmin edilməsi məqsədilə güzəştlərin, o cümlədən bu məhsulların ƏDV-dən azad olunmasının sahənin inkişafına, heyvandarlıq və quşçuluq təsərrüfatlarına təsiri barədə fikir mübadiləsi aparılıb.

Sonda vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.