Bakıda 40 minə olan həyət evləri indi 55 min manata satılır

14:15 - 22.02.2023


22 fevral, Fineko/abc.az. Azərbaycanda ötən bir il ərzində mənzil bazarında qiymətlərin 8 faiz bahalaşması barədə xəbər vermişdik. Hətta bu barədə Mərkəzi Bankın "2022-ci ilin yanvar - dekabr ayları üzrə pul siyasəti icmalı"nda da qeyd edilib.

ABC.AZ xəbər verir ki, Bakıda evlərin alqı-satqısı ilə məşğul olan Nizami adlı makler isə AzadlıqRadiosuna bildirib ki, həyət evlərinin qiyməti qalxıb: "Qiymətlər ortalama 10-15 min manat artıb. 43 minlik evlər 55 minə satılır".

Onun sözlərinə görə, Türkiyədəki zəlzələdən sonra fərdi evlərə tələbat artıb: "Qiymətlər, əsasən, tələbat artdığına görə qalxıb".

Yeni tikili binalarda mənzillərin qiymətinə gəlincə, makler qeyd edib ki, ilin əvvəli artım olsa da, hazırda qiymətlər stabildir.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə "Turan"a deyib ki, Türkiyədəki zəlzələ fonunda Azərbaycanda mənzil qiymətlərinin artıb-azalması, hələlik, dəqiq bilinmir: "Çünki ay bitməlidir ki, nəticələri təhlil edək. Amma ümumən bazarda tələb qismən düşüb, aktivliyi azalıb və insanlar gözləmə mövqeyinə çəkiliblər. Yəqin, müəyyən psixoloji baryeri keçənə qədər bu vəziyyət iki-üç ay çəkəcək".