Bakıda “Rav” MTK-ya məxsus yaşayış binasında nöqsanlar aşkarlanıb - VİDEO

15:32 - 20.02.2023


20 fevral, Fineko/abc.az. Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 34 ünvanında yerləşən “Rav” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında təlim keçirib.

Qurumdan ABC.AZ-a daxil olan məlumata görə, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.

Bundan əlavə, qəza-işıqlandırma sisteminin olmadığı, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı müəyyən edilib.