12:06 - 11.01.2023
11 yanvar, Fineko/abc.az. Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası törətmiş vəzifəli şəxs həbs edilib.
ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi, 1988-ci il təvəllüdlü Vəli Məmmədova hökm oxunub.
Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay müddətinə həbs cəzası verilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib və məhkəmə zalındaca həbs edilib.
Məhkəmədə məlum olub ki, Mərkəzi Bankın vəzifəli əməkdaşı idarə etdiyi “Mazda” markalı avtomobillə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində hərəkətdə olarkən yolun ortasındakı qoşa xəttin üzərində dayanmış Nurlanı və atasını vurub. Zərbənin təsirindən yeniyetmə oğlan yolun əks hərəkət zolağına düşüb və “Toyota Prius” markalı taksinin altında qalıb. Ağır xəsarət alan Nurlan xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
Yasamal Rayon Məhkəməsi “Toyota Prius”un sürücüsünün baş vermiş hadisədə günahının olmamasını bildirib və ona bəraət verilib.
8 Avqust 2026
8 Avqust 2026