14:45 - 9.12.2022
9 dekabr, Fineko/abc.az Xəbər verdiyimiz kimi, dekabrın 9-da Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.
ABC.AZ xəbər verir ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib.
Prezident İlham Əliyevə məlumat verilib ki, işğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən “KamAZ” markalı 100 yanğınsöndürən və “İveco” markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb. “İveco” markalı avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ilin birinci rübündə nəzərdə tutulur.
Bildirildi ki, “KamAZ” və “İveco” markalı avtomobillərdən xüsusilə yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, yanğın yerinin fasiləsiz olaraq odsöndürücü maddələrlə təmin edilməsi, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, lafet lüləsi vasitəsilə yüksəklikdə yanğınların söndürülməsi, yanğın yerinin işıqlandırılması, eyni zamanda, digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq.