Köhnə binalarin sökülməsində məqsəd nədir? - Ekspert şərtləri açıqladı

14:13 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda köhnə binaların söküləcəyini deyib. Bəs görəsən söhbət hansı binalar və nə qədər köhnə tikililərdən gedir?

ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov yerli mediaya açıqlamasınds qeyd edib ki, köhnə binaların sökülməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır.

Onun sözlərinə görə, bu prosesdə əsas məqsəd tikinti sektorunu gücləndirməkdir:

"Bakıda 9 mərtəbəli evin yeri hansısa bir şirkət rəhbərinin xoşuna gəlir. Hesablayır ki, onun yerində yeni tikili olsa daha rentabelli olar və baha satılar. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir, aralarında razılaşdırırlar və həmin bina sökülür. Prosedur belə formalaşıb. Bunun da əsas məqsədi ölkədə tikinti sektorunu inkişaf etdirməkdir. Tikinti sektoru inkişaf edəndə özü ilə bir çox sahəni də inkişaf etdirir”.

Nüsrət İbrahimov Bakıda sovet dövründən tikilən binların həddindən artıq dayanıqlı olduğunu vurğulayıb:

"2000-ci ildə Bakıda zəlzələ oldu. Həmin vaxt köhnə binalara zərər dəymədi, çünki onlar dayanıqlıdır. Yaxşı olardı ki, dövlət köhnə binaları  deyil, diqqətini "Kubinka”, "Sovetski”, "Xutor” kimi tanınan yerlərə versin. Yuxarıdan baxanda həmin yaşayış mərkəzləri çox pis görsənir. Həmin ərazilər sökülüb, yerində yeni binalar və evlər tikilməlidir”.