"Ellada" MMC-nin rəhbəri olmuş şəxs sabiq nazirə rüşvət verdiyini etiraf edib - Keçmiş nazirinməhkəməsi olub

10:00 - 1.11.2022


1 noyabr, Fineko/abc.az. Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda daha bir neçə şahid ifadələri dinlənilib.

"Ellada" MMC-nin rəhbəri olmuş şahid Əhməd Bağırov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatalada 2 ev tikdiyini bildirib. O, hər evin tikintisi üçün isə nazirliyin tikilməkdə olan obyektlərinin rəhbəri Natiq Əzizova 6 min manat rüşvət verdiyini deyib.

Şahid Şahlar Məmmədov da şirkət rəhbəri olduğunu, 2014-cü ildə Ağdaşda 2 ev tikdiyini bildirib: "Mən iş götürməyə peşman oldum. Özümdən pul qoyub tikdim ki, sonra hesaba köçürüləcək. Amma indiki vaxta qədər pulumu ala bilmirəm. O evləri tikəndən sonra bankrot oldum. Maliyyə Nazirliyi gəldi yoxlama keçirdi, 31 min manat ziyan müəyyənləşdirdi".

Digər şahid Barat Məmmədov deyib ki, tanışı Elman Səfərov "Prometey" MMC-ni onun adına rəsmiləşdirilib, onun isə heç nədən xəbəri olmayıb: "Mən fəhlə işləyib maaşımı almışam. Bu şirkətdə heç səlahiyyətim olmayıb. Sadəcə, lazım olanda sənədlər gətirirdilər, mən də qol çəkirdim".

Proses noyabrın 5-də davam etdiriləcək.