Rusiyaya ixrac olunmur deyə qiyməti ucuzlaşıb - Astarada feyxoa yığımı başlayıb

14:26 - 24.10.2022


24 oktyabr, Fineko/abc.az. Bir neçə gündür Astara rayonunun sitrus bağlarında feyxoa yığımına başlanılıb. Feyxoa yığımı əsasən, şəxsi təsərrüfatlarda aparılır.

Rayon Statistika İdarəsindən ABC.AZ-a daxil olan məlumata görə, Astarada mövcud olan 865 hektar feyxoa bağından 572 hektarı bar verir.

Ötən il feyxoa bağlarından 6979 tona yaxın məhsul yığılıb. Hər hektardan 12 ton feyxoa əldə edilib. Bu il bağlardan 8000 ton məhsulun yığılması gözlənilir. Hazırda isə sahələrdən 1925 ton məhsul tədarük olunub. Rayonda sitrusçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirirlər ki, yay aylarında sitrus bitkiləri üçün hava şəraiti əlverişli olmasa da, bu il məhsuldarlıq keçən ilə nisbətən daha yüksəkdir.

Bir kiloqramı 1,50 - 2 manata satılan feyxoanın qiyməti hazırda 1 manata qədər düşüb. Buna səbəb isə Rusiya bazarlarına feyxoa məhsulunun ixrac olunmamasıdır.

Məhsul yığımı noyabrın ortalarına qədər davam edəcək.