15:02 - 2.09.2022
2 sentyabr, Fineko/abc.az. Dövlət Məşğulluq Agentliyi "Ofis sahəsinin icarəsinin satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
ABC.AZ xəbər verir ki, qalib şirkət olaraq "MACAZ Construction" MMC-i seçilib.
Hansı ki, "MACAZ Construction" MMC Bakı Ağ Şəhərdə “Era Tower” yaşayış binalarının tikintisini həyata keçirir. Məsələ burasındadır ki, sözügedən şirkətlə bağlı bir müddət əvvəl şikayətlər olmuşdu.
Belə ki, “Era Tower”in binalarından mənzil alanlar cari ilin iyul ayında iddia etmişdilər ki, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də təhvil verilməyib.
Sözügedən 22 mərtəbəli binanın tikintisi təxminən 3 ildir dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər.
Həmçinin şikayətçilər bildirmişdilər ki, "MACAZ Construction" MMC-nin əsl sahibi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sabiq sədri Akim Bədəlovdur.
Qeyd edək ki, tenderlə bağlı Dövlət Məşğulluq Agentliyi "MACAZ Construction" MMC ilə məbləği 743 min 853 manat olan müqavilə imzalayıb.
Müəllif: Elmir Murad
30 İyul 2026