Qaradağ Günəş Elektrik Stansiyasının inşası ilə bağlı saziş imzalanıb

16:20 - 2.08.2022


2 avqust, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) və “Masdar Azerbaijan Energy” MMC (MAE) arasında Azərbaycanın Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 meqavatlıq (MVt) günəş elektrik stansiyasının maliyyələşdirilməsi üçün 21,4 milyon ABŞ dolları məbləğində kreditin ayrılması ilə bağlı saziş imzalanıb.

Bu barədə ABC.AZ ADB-nin məlumatına istinadən xəbər verir.

Ötən ilin aprelində "Masdar" şirkəti Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən "Qaradağ" layihəsinin işlənməsi ilə bağlı müqavilələr imzalayıb və elektrik stansiyasının 2023-cü ildə kommersiya fəaliyyətinə başlaması gözlənilir.

Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Abu Dabi İnkişaf Fondu ilə birgə maliyyələşdirilir.

Yeni günəş elektrik stansiyası istismara veriliyi ilk ildən etibarən illik 558 giqavat/saata qədər təmiz enerji istehsal edəcək və illik 265 000 tona qədər karbon emissiyasının qarşısını alacaq.

MAE enerji hasilatını 23 illik enerji alqı-satqısı müqaviləsi çərçivəsində “Azərenerji” ASC-yə verəcək.