Karantin zamanı yazılmış cərimələrin silinəcəyi məsələsinə münasibət

11:12 - 25.04.2022


25 aprel, Fineko/abc.az. "Karantin zamanı vətəndaşlara tətbiq olunan cərimələrin silinməsinin tərəfdarıyam. Mayın 1-dən maska tələbi ləğv edilir. Nazirlər Kabineti bu məsələyə baxmalı, əhalinin sosial rifahı nəzərə alınmalı və maskalara görə tətbiq olunan cərimələr silinməlidir".

ABC.AZ xəbər verir ki, bunu "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan hüquqşünas Loğman Abdullayev bildirib.

O əlavə edib ki, cərimələrin silinməsi ilə qadağanın aradan qaldırılması arasında incə bir fərq var: "Qadağa aradan qaldırılırsa, indiyə qədər cərimə yazılan şəxslərə qarşı münasibətdə konstitusiya norması var. Qanunun yumşaldıcı hissəsinin geriyə qüvvəsi var. Deməli, bütün yazılan cərimələr silinir, ödəyənlər isə gedib pulunu geri alır. Lakin ödəməyənlər əfv olunursa, ödənilən cərimələrin geri qaytarılmasından söhbət gedə bilməz. Bu təcrübə var. Gürcüstanda, Ukraynada yazılan cərimələr silinib. Azərbaycanda əhalinin maddi vəziyyəti nəzərə alınaraq hökumətimiz də oxşar addımı ata bilər".