15:13 - 15.04.2022
15 aprel, Fineko/abc.az. Rusiyanın 2022 və 2042-ci illərdə ödəmə müddəti başa çatan avrobondlar üzrə dollar əvəzinə rublla ödənişi müəyyən çətinliklər yarada bilər. Belə ki, bu, ilkin olaraq müqavilələrdə göstərilənlərlə müqayisədə ödəniş şərtlərindəki dəyişikliyi ifadə edir və müvafiq olaraq, belə vəziyyət yaranarsa "Moody's Investors Service" tərəfindən defolt kimi qiymətləndirilə bilər.
ABC.AZ-ın məlumatına görə, bu barədə reytinq agentliyi xəbərdarlıq edib.
"Moody's"dən bildirilib ki, qiymətli kağızlar üzrə müqavilələrdə dollardan başqa heç bir valyuta ilə ödəniş nəzərdə tutulmur.
"2018-ci ildən sonra buraxılmış avrobondlar müəyyən şəraitdə rublla ödəniş imkanı versə də, 2018-ci ildən əvvəl buraxılmış qiymətli kağızlar üzrə müqavilələrdə (ödəmə müddəti 2022 və 2042-ci illərdə olan istiqrazlar da daxil olmaqla) ya alternativ valyutalarda ödənişlər üçün müddəalar nəzərdə tutulmur, ya da digər sərt valyutalarda ödəniş nəzərdə tutulur".