17:29 - 30.03.2022
30 mart, Fineko/abc.az. Azərbaycandan ərəb ölkələrinə aqrar məhsulların ixrac həcminin artırılması üzərində iş gedir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan - Ərəb ölkələri Əməkdaşlıq Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
Onun sözlərinə görə, bu məqsədlə ərəb ölkələrindən olan topdansatış alıcıları ilə görüşlər keçirilib:
"Ərəb ölkələri arasında ən böyük bazarlar sayılan Səudiyyə Ərəbistanında və Bəhreyndə topdansatış mərkəzinin yaradılması istiqamətində layihəmiz var. Bununla bağlı həmin ölkələrdəki tərəfdaşlarımızla razılığa gəlmişik. Bu layihənin reallaşdırılması Azərbaycanın meyvə-tərəvəzinin ərəb ölkələrinə ixracımızı asanlaşdıracaq.
Hazırda ərəb ölkələrinin bazarlarında Pakistan, Hindistan, Türkiyə məhsulları əsas yer tutur. Biz də bu bazarlara girmişik, ancaq ixracı genişləndirmək elə asan məsələ deyil. Azərbaycan ixracatçıları üçün əsas problemlərdən biri logistika məsələsidir. İstəyirdik ki, dövlət logistika məsələsində subsidiyalaşma həyata keçirsin. İxracatçıların logistika xərclərinin müəyyən hissəsini dövlət ödəsə, bu onlara kömək olar. Digər məsələ, ödənişlə bağlıdır”.