Neftçala şəhərinin içməli su təminatı layihələrinin təqdimatı keçirilib

15:14 - 30.03.2022


30 mart, Fineko/abc.az. Neftçala şəhəri və rayonun kəndlərinin içməli su təminatı layihələrinin icrası və 2022-ci ildə görüləcək işlərlə bağlı təqdimat keçirilib.

ABC.AZ xəbər verir ki, təqdimatda iştirak edən “Azərsu” ASC-nin  sədr müavini Etibar Məmmədov bildirib ki, Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmərinin və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarının inşası başa çatdırılıb, kəndlərin bir qisminə suyun verilməsi təmin edilib. Bununla paralel olaraq Neftçala şəhərində içməli su təchizatı sistemlərinin yenidən qurulmasına başlanılıb. Mərhələlərlə icra olunan layihə 2022-ci ildə də davam etdiriləcək və cari ildə şəhərdaxili su şəbəkəsinin tikintisi başa çatdırılacaq və bəzi kəndlərə suyun verilməsi təmin olunacaq.

“Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2022-ci ildə Neftçala şəhərində 100 km içməli su xətti çəkiləcəyini, hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacağını qeyd edib.

Bildirilib ki, layihənin növbəti mərhələsində şəhərdə kanalizasiya şəbəkəsinin qurulması və formalaşan tullantı suların təmizlənib-zərəsizləşdirilməsi məqsədilə tullantı suəmizləyici qurğunun tikintisi həyata keçriləcək.