16:25 - 3.05.2018
3 may, Fineko/abc.az. Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.
Görüşdə Novruz Məmmədov Azərbaycanla ABŞ arasındakı əlaqələri “çox yaxşı” adlandırıb.
“Müstəqil Azərbaycan və ABŞ arasında çox yaxşı münasibətlər mövcuddur. Ölkələr bir sıra həssas sahələrdə güclü və sıx əməkdaşlıq edirlər”, - Novruz Məmmədov belə deyib.
Baş nazir qeyd edib ki, Nümayəndələr Palatasının nümayəndə heyətinin Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir və müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ABŞ və Aİ ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət müzakirə edilib. Novruz Məmmədov vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə hələ də həll olunmayıb.
Öz növbəsində, Robert Qudlat Azərbaycan ilə ABŞ arasında yüksək səviyyəli əlaqələrin olduğunu qeyd edərək, əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladı.
Onun sözlərinə görə, ABŞ Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir.
Tərəflər həmçinin ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.