“Azərsu”-nun əməkdaşları növbəti dəfə abonentlərin fiziki təzyiqlərinə məruz qalıb

15:03 - 18.02.2022


18 fevral, Fineko/abc.az. “Azərsu” ASC-nin əməkdaşları növbəti dəfə abonentlərin kobud rəftarı və fiziki təzyiqlərinə məruz qalıb.

ABC.AZ xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş yaşayış massivi ev 6 b mənzil 10 ünvanında olan abonentin içməli su təchizatı xidmətlərindən istifadəyə görə 170 manat borcu yaranıb. “Abşeron Sukanal” İdarəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq borc ödənilmədiyi üçün su təchizatının dayandırılacağını bildiriblər. Bu zaman həmin mənzildə yaşayan Ələkbər Ələkbərov adlı şəxs Abşeron Sukanal İdarəsinin əməkdaşı Vəfadar Güliyevin üstünə hücum çəkərək ona bıçaqla xəsarət yetirib.

“Azərsu” ASC-nin digər əməkdaşına qarşı fiziki təzyiq Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudov tərəfindən törədilib. 210 manat borc olan abonent Abşeron   Sukanal İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə fiziki təzyiq göstərib.

Baş vermiş hər iki  faktın araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə müraciət olunub.

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki,  göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə “Azərsu” ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.