Bu şirkətlər elektriklə işləyən avtomobillərə sərmayə qoyacaq - Siyahı

16:39 - 10.11.2021


10 noyabr, Fineko/abc.az Dünyanın aparıcı avtomobil istehsalçıları 2030-cu ilə qədər elektriklə işləyən avtomobillərə və akkumulyatorlara 515 milyard dollar xərcləməyi planlaşdırır. ABC.AZ xəbər verir ki, bu vəsait müxtəlif ölkələr tərəfindən müəyyən edilən sərt dekarbonizasiya hədəflərinə nail olmaq və yalnız elektriklə işləyən avtomobil istehsalına keçid etmək üçün xərclənəcək. Üç il bundan öncə belə investisiyaların həcmi 300 milyard dollar həcmində qiymətləndirilirdi. Bu sahənin lideri olan Almaniyanın “Volkswagen” avtomobil konserni növbəti onillikdə elektrik avtomobillərinə və akkumulyatorlara təxminən 110 milyard dollar xərcləmək niyyətindədir. “Daimler” və BMW də daxil olmaqla, Almaniya kompaniyalarının bu sahədə ümumi xərcləri 2030-cu ilədək 185 milyard dollar təşkil edəcək. Amerika nəhəngləri “General Motors” və “Ford Motor” 2025-ci ilə qədər elektrik avtomobillərinin inkişafı və istehsalına təxminən 60 milyard dollar xərcləməyi planlaşdırır. Çinin avtomobil kompaniyaları Avropa və Amerikadan olan tərəfdaşlarının köməyi ilə yaxın onillikdə elektrik avtomobillərinə 100 milyard dollaradək sərmayə yatıracaq. Yaponiya kompaniyaları isə bu məsələdə geri qalır. “Honda”, “Toyota Motor” və “Nissan” bu sahədə 40 milyard dollar xərcləmək niyyətindədir.