Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş necə olacaq? - Detallar

14:06 - 18.03.2021


18 mart, Fineko/abc.az. Bildiyiniz kimi 1 aprel tarixindən Azərbaycan və Türkiyə vətəndaşları şəxsiyyət və biometrik şəxsiyyət vəsiqələri ilə hər iki ölkə ərazisinə səfər edə və orada 90 gün qala bilərlər.

ABC.AZ-ın məlumatına görə, məsələnin detalları ilə bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov açıqlama verib.

O qeyd edib ki, bu halda hər iki ölkə vətəndaşlarına məxsus sərhədkeçmə sənədləri - şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu (xarici pasport) ölkə ərazisinə giriş tarixindən etibarən ən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdırlar.

"Hər iki ölkənin ərazisindən üçüncü (digər) ölkələrə və üçüncü (digər) ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportlardan istifadə olunması məcburidir. Bir tərəfin ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətə qalmaq istəyən digər tərəfin vətəndaşı yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı 60 gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər" deyə V. Hüseynov qeyd edib.