Həbs edilmiş generalla bağlı daha bir açıqlama

12:33 - 17.03.2021


17 mart, Fineko/abc.az. Baş Prokurorluq Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı açıqlama yayıb.

Qurumdan ABC.AZ-a daxil olan məlumatda qeyd edilir ki, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukraynanın paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib: "Həmin cinayət işi üzrə Azərbaycan Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

Sonradan iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin qərarı ilə Əkbərov Rövşən Telman oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.