Ermənistan xarici borc içində boğulur – BVF

12:18 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu Ermənistanın xarici borc içində boğulduğu qənaətindədir.

ABC.AZ xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhinə görə 2019-cu ilin sonuna Ermənistan Respublikasının xarici borcu 11,4 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunub ki, bunun da 5,8 milyard ABŞ dolları xarici dövlət borcudur.

Belə ki, ötən ilin sonuna xarici dövlət borcunun ümumi daxili məhsula (bundan sonra – ÜDM) nisbəti 42,5 faiz, adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən 1900 ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, Ermənistanda xarici borcla bağlı göstəricilərin cari ildə daha da pisləşəcəyi proqnozlaşdırılır.

Buna səbəb kimi Covid-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi, büdcə kəsrinin böyüməsi və milli valyutanın ucuzlaşması ilə bağlı gözləntilərin artması göstərilir.

Qeyd edək ki, 2020-ci ilin ikinci rübündə rüblük iqtisadi artım ötən ilin müvafiq dövrünə nəzərən 13,7 faiz azalıb.

Bunun nəticəsi olaraq vergi yığımları azalıb, iqtisadi aktivliyi dəstəkləmək üçün büdcə xərcləri artırılıb ki, bu da büdcə kəsrinin ÜDM-ə nisbətinin 2,25 faizdən 5 faizədək böyüməsinə səbəb olub. Büdcə kəsrinin böyüməsi yeni borcların cəlb edilməsini şərtləndirib. 2020-ci ilin I yarımilində Ermənistanda birbaşa xarici dövlət borcu 175 milyon ABŞ dolları artıb.

Müəllif: Elmir Murad