Nestle  "Microsoft" və "Boston Dynamics" ilə güclərini birləşdirir

14:48 - 20.11.2026


20 Noyabr, Fineko/abcnews. Dünyanın aparıcı qida və içki istehsalçısı "Nestle" zavodlarında və istehlak məhsullarında süni intellektin (AI) tətbiqini genişləndirmək məqsədilə "Microsoft" və "Boston Dynamics" ilə tərəfdaşlıq müqavilələri imzalayıb.

Şirkətin texnologiya üzrə baş direktoru Stefan Palzerin "Bloomberg"ə verdiyi məlumata görə, tərəfdaşlar İsveçrənin Orbe şəhərində açılan yeni "Deep Tech Center" mərkəzində həm istehsal proseslərini, həm də qəhvə maşınları kimi istehlakçı məhsullarını təkmilləşdirmək üçün avadanlıq və AI həlləri hazırlayacaqlar. Yeni mərkəz süni intellekt, ağıllı sensorlar və robototexnikanı birləşdirərək "Nestle"nin qlobal müəssisələrində səmərəliliyi artıracaq.

Qeyd edək ki, arıqlama dərmanlarının yayılması və ev təsərrüfatlarının büdcə təzyiqləri fonunda dəyişən istehlakçı vərdişlərinə uyğunlaşmağa çalışan "Nestle" 2025-ci ildən qablaşdırma innovasiyaları üzrə "IBM" ilə də əməkdaşlıq edir. Orbe mərkəzi eyni zamanda şirkətin Çinin Şencen şəhərindəki bölməsinin fəaliyyətini tamamlayacaq.