"Lenovo"nun gəlirləri 48% artaraq 30,2 milyard dollara çatıb

11:37 - 19.11.2026


19 Noyabr, Fineko/abcnews. Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan "Lenovo" süni intellekt (AI) yönümlü satışların sürətli artımı fonunda gəlirlərini 48% artıraraq 30,2 milyard ABŞ dollarına çatdırıb və analitiklərin 27,6 milyard dollarlıq proqnozlarını üstələyib.

Honkonq mühasibat uçotu standartlarına (HKFRS) əsasən, şirkət ötən ilin eyni dövründəki 340 milyon dollarlıq xalis mənfəətə qarşı 640 milyon dollar xalis zərər açıqlayıb. Lakin Səudiyyə Ərəbistanının "Alat" texnologiya şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində buraxılmış varrantlar və konvertasiya olunan istiqrazlarla bağlı qeyri-nağd mühasibat maddələri istisna edildikdə, "Lenovo"nun düzəliş edilmiş xalis mənfəəti illik müqayisədə 166% artaraq 1,4 milyard dollar təşkil edib.

Hesabat dövründə server və data mərkəzi avadanlıqları istehsal edən İnfrastruktur Həlləri Qrupu (ISG) gəlirlərini 178% artıraraq 11,3 milyard dollarla tarixinin ən güclü rübünü yaşayıb. Şirkətin Sİ ilə bağlı ümumi gəlirləri 79% yüksələrək 10,8 milyard dollara (ümumi gəlirin 36%-i) çatıb. Ümumi gəlirin təxminən 60%-ni formalaşdıran fərdi kompüter, planşet və smartfon bölməsində isə 15% artım qeydə alınıb.