Azərbaycanda avtomobilin qiymətinə təsir edən əsas amillər bunlardır

16:31 - 13.11.2026


13 noyabr, Fineko/abc.az. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə avtomobil indeksində ən aktiv 120 marka-model üzrə 25 063 elan əsasında qurulan hedonik modelə görə, ölkə bazarında hər əlavə istismar ili avtomobili 5,8%, hər 1 000 kilometr yürüş isə 0,037% ucuzlaşdırır.

Bununla yanaşı, mexaniki sürətlər qutulu avtomobillər avtomat sürətlər qutulu nəqliyyat vasitələrindən 8,3% ucuz təklif olunur.

Təhlillərə əsasən, vuruğu olmayan, lakin rənglənmiş avtomobillərdə qiymət fərqi cüzi (0,2%) olsa da, vuruğu olub rənglənmiş avtomobillər 7,5%, təmirsiz qəzalı avtomobillər isə 23,1% daha ucuz qiymətləndirilir.

Hər ay dövri olaraq daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayan Palata bu nəticələrə əsaslanaraq alıcı və satıcılara ümumi mediana deyil, konkret texniki göstəricilərə əsaslanmağı, qiymətləndiricilərə isə sabit struktur indeksi ilə yenilənmiş hedonik əmsalları nəzərə almağı tövsiyə edir.