Azərbaycanın qeyri-neft ixracı 20,5% artıb

15:08 - 29.10.2026


29 oktyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə oktyabr sayını təqdim edib.

İcmala əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.

Yalnız sentyabr ayında isə qeyri-neft ixracı 50,2 faiz artaraq 372,8 milyon dollara çatıb.

Bu dövrdə ixrac olunan mallar arasında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları 2,4 dəfə, alüminium məmulatları 41 faiz, qara metallardan hazırlanan məmulatlar isə 32,2 faiz artım göstərib.

Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,6 faiz artaraq 1,08 milyard ABŞ dollarına bərabər olub.

Ən çox ixrac edilən malların siyahısında qızıl (313,1 milyon dollar), mis filizləri (213,5 milyon dollar) və tomat (172,3 milyon dollar) ilk üçlükdə yer alıb. Ölkələr üzrə ən çox mal ixrac edilən əsas tərəfdaşlar isə Rusiya (881,4 milyon dollar), Türkiyə (475,2 milyon dollar) və Gürcüstan (443 milyon dollar) olub.