Qeyri-neft sektoru 70%-ə çatdı: 10.8 milyardlıq investisiya sənədləri imzalanıb

15:27 - 27.10.2026


27 oktyabr, Fineko/abc.az. İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib ki, 2026-cı ilin ilk 9 ayında qeyri-neft-qaz sektoru ölkə iqtisadiyyatının təxminən 70 faizini təşkil edib.

Nazirlik rəsmisi investisiya mühitinin genişləndiyini diqqətə çatdıraraq, keçən ay Bakıda təşkil olunan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 10,8 milyard dollar dəyərində 23 korporativ və investisiya sənədinin imzalandığını xatırladıb.

H.Hüseynov vurğulayıb ki, Azərbaycan 2026–2028-ci illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Kiçik və Orta Biznes üzrə İşçi Qrupuna rəhbərlik edir.

Eyni zamanda Türk Dövlətləri Təşkilatı və digər regional platformalar vasitəsilə yerli sahibkarlara dəstək göstərilir.

Qeyd olunub ki, kiçik və orta biznesin gücləndirilməsi ilə yanaşı, transsərhəd ticarət, rəqəmsallaşma, yaşıl keçid və beynəlxalq təchizat zəncirlərinə inteqrasiya ölkənin əsas prioritetləridir.