"Tesla"nın III rüb üzrə xalis mənfəəti 43% azalıb

09:20 - 22.10.2026


22 Oktyabr, Fineko/abc.az. ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" 2026-cı ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.

Şirkətin gəlirləri dəyişməyərək 28 milyard dollar səviyyəsində qalsa da, xalis mənfəəti illik müqayisədə 43% azalaraq 787 milyon dollara geriləyib.

Ötən ilin eyni dövründə 1,4 milyard dollar mənfəət əldə edən şirkətin səhm üzrə mənfəəti də 39 sentdən 22 sentə düşüb. İyul-sentabr aylarında "Tesla"nın avtomobil satışlarından gəliri 3% azalaraq 20,6 milyard dollar olub. Rüb ərzində şirkətin istehsalı 4% artsa da (464 391 avtomobil), çatdırılma sayı (təhvil verilən avtomobil) 2% azalaraq 486 532 ədəd təşkil edib.

Şirkətdən bildirilib ki, istehsal həcminin artmasını məhdudlaşdıran əsas amil batareya təchizatındakı çətinliklər olub.