Dövlət Agentliyi "Bolt"un regionlardakı qiymət siyasətini araşdırır

16:38 - 22.10.2026


22 oktyabr, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycanda daşınma və taksi xidmətləri təklif edən “Bolt Services AZ” MMC barəsində araşdırmalara başlayıb.

Dövlət qurumunun diqqət mərkəzində şirkətin bəzi regionlarda rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsinə dair qanun pozuntusu əlamətləri dayanır. Araşdırmanın hüquqi əsası kimi Rəqabət Məcəlləsinin hökmran mövqedən rəqabəti məhdudlaşdıran şəkildə sui-istifadəni və əsaslandırılmamış aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqini qadağan edən 16.2.1-ci maddəsi göstərilib. Lakin Agentlik hələlik söhbətin konkret hansı regionlardan, xidmətlərdən və qiymət aralıqlarından getdiyini açıqlamayıb.

Qeyd edək ki, Estoniya mənşəli “Bolt” platformasının yerli təmsilçisi olan “Bolt Services AZ” MMC ölkədə yalnız taksi sifarişi operatoru kimi deyil, təchizatçılardan komissiya almaqla vasitəçilik edən “Bolt Food” çatdırılma xidmətinin də operatoru kimi fəaliyyət göstərir.

Bu, şirkətin Antiinhisar Agentliyi tərəfindən ilk araşdırılması deyil.

Belə ki, 2022-ci ildə "Delivery Azerbaijan" MMC-nin müraciəti əsasında aparılan araşdırma zamanı haqsız rəqabət halları müəyyən edilmiş, şirkətə icrası məcburi göstəriş verilərək maliyyə sanksiyası tətbiq olunmuşdu. Sonradan mətbuatda həmin sanksiyanın 113 min manat təşkil etdiyi bildirilsə də, Agentliyin həyata keçirdiyi son qiymət araşdırması həmin köhnə işdən tamamilə müstəqil şəkildə aparılır.