"58 min manatlıq rüşvət qalmaqalı" - Həmkarını şikayət etdi, ikisi də həbs olundu

14:44 - 17.11.2026


17 noyabr, Fineko/abc.az. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sabiq sədri Könül Əliyeva və Məmmədrzalı tibb məntəqəsinin keçmiş müdiri İltizam Əzimovun Lənkəran Ağır Cinayətlər Məhkəməsində davam edən prosesində yeni detallar üzə çıxıb.

İttihama görə, İltizam Əzimov əlillik dərəcəsi düzəltmək adı ilə vətəndaşlardan 58 min manat rüşvət toplayaraq Könül Əliyevaya ötürüb, lakin işlər həll olunmadığı üçün onu aidiyyəti orqanlara şikayət edib.

İstintaq zamanı zərərçəkənlərə pullar tam qaytarıldığı üçün onlar şikayətçi olmayıblar, lakin həmin şəxslərin qanunsuz təyin edilmiş sosial müavinətləri kəsilib və Dövlət Sosial Müdafiə Fondu ödənilən vəsaitlərin geri qaytarılmasını tələb edir.

Saxta məlumatları elektron sistemə yerləşdirməklə dövlət büdcəsinə ziyan vuran hər iki şəxsə Cinayət Məcəlləsinin rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb və onlar məhkəmə zalında həbs ediliblər.

Növbəti məhkəmə iclası dekabrın 1-nə təyin olunub.