Azərbaycanda vergi ödəyicilərinin sayı 1,72 milyonu ötüb — RƏSMİ STATİSTİKA

14:33 - 10.09.2026


10 sentyabr, Fineko/abc.az. Azərbaycanda vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % artaraq 1 sentyabr 2026-cı il tarixinə 1 722 227-yə çatıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Statistikaya əsasən, vergi ödəyicilərinin 86,7 %-ini fiziki şəxslər, 13,3 %-ini isə hüquqi şəxslər təşkil edib. Son bir ildə fərdi sahibkarların sayı 4,5 %, idarə və təşkilatların sayı isə 5,8 % artıb. Avqust ayının sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 6,6 % çoxalaraq 212 668-ə çatıb. Ay ərzində 1 114 yeni kommersiya qurumu qeydə alınıb ki, onların 85,4 %-i yerli, 14,6 %-i xarici investisiyalıdır.

Biznesin rəqəmsallaşması da yüksək səviyyədədir: avqustda kommersiya qurumlarının 79,7 %-i, yerli MMC-lərin isə 96,6 %-i elektron qaydada qeydiyyata alınıb. Ümumilikdə kommersiya hüquqi şəxslərinin 92,4 %-i MMC formasında fəaliyyət göstərir.