Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırır – Mikayıl Cabbarov

09:44 - 25.08.2026


25 avqust, Fineko/abc.az. Azərbaycan və Özbəkistan arasında imzalanan sənədlər strateji layihələrin icrasına başlanılması və ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Özbəkistan 24” telekanalına müsahibəsində Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutan sənədin imzalanmasını tərəfdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirib.

Nazir Özbəkistan–Azərbaycan Regionlararası Forumunun uğurla yekunlaşdığını bildirərək, bu çərçivədə SOCAR və "AzerGold" şirkətlərinin Özbəkistandakı fəaliyyəti üzrə layihələrin böyük önəm daşıdığını diqqətə çatdırıb. Eyni zamanda, Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə Mirzə Uluqbəy adına məktəbin inşasını qardaşlıq dəstəyinin bariz nümunəsi kimi xüsusi vurğulayıb.

Müsahibənin sonunda qarşıda böyük işlərin gözlədiyini qeyd edən nazir, dövlət başçıları tərəfindən verilmiş tapşırıqların həyata keçirilməsi üçün ikitərəfli fəal əməkdaşlığın bundan sonra da birgə şəkildə davam etdiriləcəyini bildirib.