Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 145 milyon manatdan çox vəsait daxil olub

17:00 - 17.08.2026


17 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi ilə bağlı 36 hərrac keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, keçirilən hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 616 nəqliyyat vasitəsi özəlləşdirilib. İlin ilk 7 ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 112,3 milyon manat təşkil edib.

Hesabat dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 698 yeni icarə müqaviləsi (328 qeyri-yaşayış, 2 370 torpaq sahəsi üzrə) bağlanılıb. Daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 32,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Ümumilikdə, hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 145,2 milyon manat vəsait daxil olub.