Mərkəzi Bankın “AMAY”dakı ofisləri satışa çıxarılır

16:42 - 21.07.2026


21 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının balansında olan 38 daşınmaz əmlak 13 avqust 2026-cı il tarixində saat 10:00-da ikinci dəfə təkrar hərraca çıxarılacaq.

Mərkəzi Bankın elanına görə, satışa əsasən Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri çıxarılır. Əmlakların böyük hissəsi Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən “Amay” Ticarət Mərkəzindəki ofislərdən ibarətdir. Bundan əlavə, Nərimanov rayonu, Məmməd Araz küçəsi 76, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 20A və Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 136P ünvanlarında yerləşən iri həcmli qeyri-yaşayış obyektləri də hərraca çıxarılacaq.

Hərraca çıxarılan əmlakların ilkin satış qiymətləri 60 min manatdan başlayaraq 40,37 milyon manata qədər dəyişir. Ən bahalı əmlak Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən, sahəsi 15 778,1 kvadratmetr olan qeyri-yaşayış sahəsidir. Bu obyektin ilkin satış qiyməti 40,37 milyon manat, hərracda iştirak üçün tələb olunan 5 faizlik beh isə 2,02 milyon manat təşkil edir.